Nazirlər Kabineti toyuq əti və onun subməhsullarının respublikaya idxalına tətbiq olunan gömrük rüsum dərəcələrini 2019-cu il dekabr ayının ortalarınadək qüvvədə saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2017-ci ilin noyabr ayında Nazirlər Kabineti Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına $1 (1 kq-a görə), 1000 ədəd yumurtanın idxalına $100 məbləğində gömrük rüsumu tətbiq edib. Rüsum dərəcələri 1 noyabr 2018-ci il tarixinədək qüvvədə olub. Hökumətin yeni qərarı ilə onların müddəti 15 dekabr 2019-cu il tarixinədək uzadılıb», - deyə hökumətdən qeyd ediblər.
Bu qərar 2018-ci il noyabrın 7-də İqtisadiyyat, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri nəzərə alınmaqla qəbul edilib.*
N.Abbasova