Nazirlər Kabineti meyvə-tərəvəz məhsullarının bəzi növlərinin ölkəyə idxalına tətbiq olunan gömrük rüsum dərəcələrinin müddətini 2019-cu ilin dekabr ayının ortalarınadək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«1 noyabr 2018-ci il tarixinədək 1 kq pomodor (təzə və ya təmizlənmiş) üçün $0,8, 1 kq soğan və sarımsaq üçün $0,6, 1 kq xiyar və kornişon üçün $0,8, 1 kq qoz-fındıq (qabıqlı və təmizlənmiş) üçün $1,5, 1 kq üzüm üçün $0,4, sidr istehsalı ilə əlaqədar 1 kq təzə alma və armud üçün $0,3, 1 kq xurma üçün $0,3 məbləğində gömrük idxal rüsumu müəyyən edilmişdi.
“Nazirlər Kabinetinin qərarı ilə bu rüsum dərəcələrinin müddəti 15 dekabr 2019-cu il tarixinədək uzadılıb», - deyə məlumatda bildirilir.
Qərara əsasən meyvə və tərəvəz şirələrinin 1 litri üçün qüvvədə olan, gömrük dəyərinin 15%-i həcmində (0,7 dollardan az olmamaqla) gömrük idxal rüsumunun müddəti 15 dekabr 2019-cu ilədək uzadılıb.
Qərar 2018-ci il noyabrın 7-də İqtisadiyyat, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri nəzərə alınmaqla qəbul edilib.*
N.Abbasova