Nazirlər Kabineti bir sıra tikinti materiallarının ölkəyə idxalı üçün qüvvədə olan gömrük rüsum dərəcələrinin müddətini 15 dekabr 2019-cu il tarixinədək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«1 noyabr 2018-ci il tarixinədək ölkəyə idxal olunan bentonitin 1 kq-ı üçün $0,03, gips və anhidrid, sement klinkeri, süni boyanmış və ya boyanmamış sement, giltorpaq və digər hidravlik sementin 1 kq-ı üçün $0,07 məbləğində gömrük rüsumu müəyyən edilmişdi. Yeni qərarla bu rüsum dərəcələrinin müddəti 15 dekabr 2019-cu il tarixinədək uzadılıb», - deyə məlumatda bildirilir.
Nazirlər Kabinetinin bu qərarı ilə gips və gips məmulatlarının (1 kv.metr üçün $0,4), kərpic və kvars tozundan digər məmulatların (1 kq üçün $0,04) ölkəyə idxalına tətbiq olunan gömrük rüsum dərəcələrinin müddəti də gələn ilin dekabr ayının 15-dək uzadılıb.
Qərar 2018-ci il noyabrın 7-də İqtisadiyyat, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri nəzərə alınmaqla qəbul edilib.*
N.Abbasova