Norveç hökumətinin Azərbaycanda səfirliyini bağlaması qərarı rəsmi Bakıda təəssüf doğurur.
“Norveçin Bakıda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu, Norveç hökumətinin qərarıdır”, - Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın bəyanatında deyilir.
O qeyd edib ki, Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir.
“Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki “Statoil”) Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir”, - XİN-nin nümayəndəsi qeyd edib.
O bildirib ki, Bakı və Oslo müxtəlif sahələrdə çoxsaylı layihələr həyata keçirib.
“Bizdə olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”, - L.Abdullayeva əlavə edib. **
R.Babayev