Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi”, - deyə başsağlığı məktubunda bildirilir.
Z.Həsənov türkiyəli həmkarlarının dərdinə şərik olduğunu vurğulayıb.
“Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”, - deyə nazir qeyd edib.
Noyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Hakkari bölgəsində yerləşən silah anbarında texniki cəhətdən nasaz hərbi sursatın partlaması nəticəsində 7 əsgər şəhid olub, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, partlayış təlim atışları zamanı baş verib.**
R.Babayev