Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, atəşkəs Qarabağ münaqişəsinin həllinin mühüm aspektidir və Ermənistanı və Azərbaycanı təmas xəttində atəşkəsin pozulması ilə bağlı halların sayının bundan sonra da azaldılması üçün tədbirlər görməyə çağırıb.
"Atəşkəs ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının məhsuldarlığı üçün ən vacibşərtdir", - deyə Rusiyanın ATƏT yanında daimi nümayəndəliyinin Twitter səhifəsində A.Lukaşeviçin fikirləri yer alır.
"Təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində nisbi sabitlik hökm sürür, atəşkəs rejiminin pozulması ilə bağlı halların sayı azalır. Tərəfləri gərginliyin azaldılması üzrə əlavə tədbirlər görməklə bu müsbət tendensiyanı möhkəmləndirməyə çağırırıq", - deyə rusiyalı diplomat vurğulayıb.
A.Lukaşeviçin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll yollarını işləyib hazırlamasında kollektiv vasitəçi kimi səyləri təqdirə və şərtsiz dəstəyə layiqdir.*