Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çinə ixrac missiyası çərçivəsində iki sənəd imzalayıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, missiya çərçivəsində “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti ilə iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Fond, həmçinin “Shanghai Jizhi Investment Management” şirkəti ilə “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalayıb.
Bundan başqa, görüşdə “Azersun Holding” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.
Xəbər verildiyi kimi, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti 4-8 noyabr tarixlərində Çin Xalq Respublikasında səfərdə olub.
Səfərdə məqsəd Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirak etməkdən ibarət olub.
Səfər çərçivəsində noyabrın 7-də Şanxayda Azərbaycan Şərab Evi açılıb.*
B.Rüstəmbəyov