Azərbaycanda orta təhsil müəssisələrində informatikanın tədris keyfiyyətinin yaxşılaşdırılması prioritet istiqamətlərdən biridir. Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
"Azərbaycanın təhsil sistemində aparılan islahat məktəblilərin bilik əldə etmə marağının artmasına yönəlib. Bu nöqteyi-nəzərdən məktəb proqramında informatikanın tədris keyfiyyətinin yaxşılaşdırılması prioritetdir", - deyə o vurğulayıb.
Müavinin sözlərinə görə, respublikada İKT-nin inkişafına və həyatın müxtəlif sahələrində tətbiqinə böyük diqqət ayrılır.
"Təsadüfi deyil ki, 2019-cu ildə Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək. Olimpiadada 90-dan çox ölkənin nümayəndələri iştirak edəcək", - deyə M.Vəliyeva qeyd edib.
O vurğulayıb ki, Azərbaycanda İKT sahəsində məşğulluq səviyyəsi 2007-ci ildə qeydə alınmış 67%-dən 2017-ci ildə 73%-ə qədər yüksəlib.
"Həmçinin məktəblilərin gələcəkdə peşə seçimi ilə bağlı geniş imkanlarla təminatına da böyük diqqət ayrılır. Belə ki, bu gün 722 ümumtəhsil məktəbinin 27 min şagirdi təmayüllər üzrə təhsil prosesinə cəlb edilib", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, “BP-Azərbaycan” şirkəti ilə birlikdə reallaşdırılan Azərbaycanda təhsil sahəsinin inkişafı layihəsi 2019-cu ildə paytaxtda 30 məktəbi əhatə edəcək və məktəblilər tərəfindən informatika fənninin dərindən öyrənilməsinin təmin olunmasına yönəlib.
"Layihədə iştirak edən müəllimlər informatika fənninin tədris olunma səviyyəsinin yüksəldilməsi üzrə yarımillik kursa və paralel olaraq 8 aylıq ingilis dili kursuna qatılacaqlar”, - deyə M.Vəliyeva əlavə edib.*
R.Babayev