Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko gələn həftə Minskdə iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər. Bu barədə BELTA agentliyi xəbər verir.
“Bizim danışmağa sözümüz var. Onu da deməliyəm ki, münasibətlərimizin təməli getdikcə möhkəmlənir”, - deyə A.Lukaşenko İ.Əliyevin Minskə rəsmi səfəri ərəfəsində Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşdə bildirib.
Onun sözlərinə görə, ötən ilin əvvəli ilə müqayisədə bu ilin müvafiq dövründə Belarus və Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. «Bu, çox yaxşı artımdır. Bununla yanaşı, iki ölkənin əməkdaşlığı üçün potensial olduqca yüksəkdir», - deyə Belarus prezidenti vurğulayıb.
O, həmçinin humanitar sahədə, xüsusilə təhsil əlaqələri ilə bağlı ikitərəfli əməkdaşlığa da toxunub.
«Belarusda 500 nəfərə yaxın azərbaycanlı təhsil alır. Azərbaycan üçün qapılarımız açıqdır», - deyə A.Lukaşenko vurğulayıb və elm və təhsil sahəsində mübadilənin vacibliyini diqqətə çatdırıb.
O qeyd edib ki, Belarus Azərbaycanın dostudur və hər zaman Bakıya yardım etməyə hazırdır.
«İki ölkə arasında qapalı mövzu yoxdur», - deyə prezident bildirib.*
R.Babayev