2016-2018-ci illərdə İqtisadiyyat Nazirliyi tərəfindən 320 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“İndiyədək 280 sahibkarlıq subyektinə 320 investisiya təşviqi sənədi verilib. Bu layihələrə ümumi investisiya qoyuluşları 2,7 mlrd. manat məbləğində qiymətləndirilir, onların həyata keçirilməsi nəticəsində 21 min yeni iş yeri açılıb”, - deyə o, bu gün parlamentdə 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, layihələrin 63%-i artıq reallaşdırılıb, qalan layihələr gələn ilin sonunadək başa çatdırılacaq.
İTS sahibkarlara müxtəlif vergi və gömrük güzəştləri əldə etmək imkanı verir.
Prezident İlham Əliyev 2016-cı il yanvarın 18-də “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısı, həmçinin “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı da təsdiq edib.
İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir.*
B.Rüstəmbəyov