Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin yanvar-oktyabr aylarında 3,8 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Hesabat dövrü ərzində AZAL-ın payına 1 mln. 628 min sərnişin, milli loukoster “Buta Airways”in (2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb) payına isə 382 min sərnişin düşüb”, - məlumatda bildirilir.
Yanvar-oktyabr aylarında 3,28 mln. sərnişin (sərnişin dövriyyəsinin 86%-i) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq reyslərin 34%-i AZAL-ın, 11,6%-i isə “Buta Airways”in payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Tel-Əviv daxildir. Yanvar-oktyabr ayları ərzində bu istiqamətlərə 247 min sərnişin uçub.
Oktyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “Iraqi Airways”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Ümumilikdə, 210 min sərnişin daşınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2017-ci ildə aeroport 4,06 mln. sərnişinə xidmət göstərib, bunun 85%-i beynəlxalq reyslərin sərnişinlərinin payına düşüb.**
N.Abbasova