Slovakiya bir sıra istiqamətlər üzrə Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Bunu Slovakiyanın baş naziri Peter Pelleqrini deyib.
“Biz Azərbaycanla əməkdaşlığın genişlənməsində son dərəcə maraqlıyıq. Hazırda avtomobil və mədən sənayesi, maşınqayırma kimi istiqamətlərdə artıq əməkdaşlıq edirik. Lakin bərpa olunan enerji mənbələri, İKT və yüksək texnologiyalar, o cümlədən kimya sənayesi sahələrində işləməyi çox istəyirik”, - P.Pelleqrini bu gün Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda bildirib.
Onun sözlərinə görə, coğrafi mövqeyi, həmçinin Avrozonaya çıxışı olması sayəsində Slovakiya Azərbaycanın iş adamları üçün böyük imkanlar aça bilər.
“Slovakiya iqtisadiyyatı Avropada ən açıq iqtisadiyyatlardan biridir. Bundan əlavə, ölkəmiz Aİ və Avrozonaya daxildir. Bu səbəbdən, Avropada işləmək arzusunda olan azərbaycanlı iş adamları üçün yaxşı tərəfdaş ola bilərik”, - P.Pelleqrini qeyd edib.
Öz növbəsində, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev hesab edir ki, Bakı və Bratislava qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün qarşılıqlı əlaqələrin inkişafını davam etdirməlidir.
“Hazırda Azərbaycanda Slovakiya kapitalı ilə 11 şirkət qeydiyyatdadır. Cari ilin 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 33% artıb”, - Ş.Mustafayev bildirib.
Nazir əlavə edib ki, 2018-ci ilin 9 ayı ərzində Azərbaycanın Aİ-yə üzv ölkələri ilə ticarət dövriyyəsi bütövlükdə $9 mlrd.-ı ötüb, bu da ölkənin ümumi ticarət dövriyyəsinin 42%-ni təşkil edir. **
Ə.Məmmədov