Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhdi ilə əlaqədar 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev bəyan edib.
“Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub”, - M.Quliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclasında çıxışında bildirib. Bu barədə DTX-nin məlumatında qeyd olunur. “Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib”, - M.Quliyev əlavə edib.
O qeyd edib ki, Suriya və İraq ərazisində hərbi əməliyyatların aktiv fazasının başa çatmasına baxmayaraq, terrorçu və dini-ekstremist təşkilatlar tərəfindən həmin regionun hüdudlarından kənarda özəklərini yaratmaq cəhdləri qeydə alınır.
Bununla əlaqədar, M.Quliyev bildirib ki, qlobal təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və kollektiv tədbirlərin görülməsi zəruridir.
O, həmçinin türkdilli ölkələrin təhlükəsizliyinin səmərəli təmin olunması yönümündə təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Xəbər verildiyi kimi, cari il iyulun 3-də axşam saatlarında Gəncədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Nəticədə, E.Vəliyev yaralanıb, hazırda müalicə alır. Eyni zamanda, sui-qəsd törədən Yunis Səfərov hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində saxlanılıb. İstintaq Y.Səfərovun hərəkətlərini məqsədyönlü və planlaşdırılmış terror aktı kimi qiymətləndirib.
İyulun 10-da axşam saatlarında Gəncə şəhərində razılaşdırılmayan aksiyanın qarşısı alınması zamanı iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov həlak olublar.
Aksiya Y.Səfərova dəstək məqsədi daşıyıb. Aksiyanı 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. **
F.İsazadə