2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 40 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10%, neft sektorunda isə 0,2% artıb.
Yanvar-oktyabr aylarında məhsulun 73,4%-i mədənçıxarma bölməsində, 22%-i emal bölməsində, 3,9%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda qoşqu,yarı-qoşqu istehsalı 26,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,9 dəfə, tütün məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 48,8%, dəri və dəri məmulatlarının istehsalı 35,6%, tikinti materiallarının istehsalı 28,9%, ağac emalı və ağacdan məmulatların istehsalı 21%, metallurgiya sənayesi məhsullarının istehsalı 13,3%, içki istehsalı 10,6%, kağız və karton istehsalı 6,8%, kimya məhsullarının istehsalı 3,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,1% artıb.
Hesabat dövründə hazır metal məmulatlarının istehsalı 1,2%, kompüter və elektron, optik məhsulların istehsalı 4,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,7%, əczaçılıq məhsullarının istehsalı 12,9%, maşın və avadanlıqların istehsalı 17,7%, sair nəqliyyat vasitələrinin istehsalı 65,6% azalıb.
Yanvar-sentyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3% artıb.
2017-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 39,6 mlrd. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır. **
N.Abbasova