2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $6 mlrd. 718 mln. 751,05 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 3,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $25 mlrd. 223 mln. 870,79 min təşkil edib (2017-ci ilin analoji dövrü ilə müqayisədə artım 57,5% - İF). Yanvar-oktyabr aylarında ixracın həcmi $15 mlrd. 917 mln. 310,92 min (artım 76,6%), idxalın həcmi $9 mlrd. 252 mln. 559,87 min təşkil edib (artım 32,9%).
İxracın strukturunda 80,92% neftin, 2,88% neft məhsullarının, 7,57% təbii qazın, 0,37% elektrik enerjisinin, 2,54% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,14% qəndin, 0,08% spirtli və spirtsiz məhsulların, 0,4% kimya məhsullarının, 0,65% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,4% pambıq, 0,12% pambıq ipliyin, 0,45% qara metal və ondan hazırlanan məmulatların, 0,64% alüminium və ondan hazırlanan məmulatların, 2,71% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 12,01% ərzaq məhsullarının, 1,25% tütün və tütün məhsullarının, 0,1% sementin, 2,62% əczaçılıq məhsullarının, 3,23% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,64% odun və agac məhsullarının, 11,13% qara metal və ondan hazırlanan məmulatların, 22,65% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,73% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,93% mebelin, 35,71% digər məhsulların payına düşüb.
Hesabat dövründə 7,367 min növ mallar ixrac, 2,875 min mallar idxal olunub.
2018-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarında 6,636 min özəl və dövlət müəssisəsi və 12,7 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-oktyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 27,72%-i), Türkiyə (9,27%), İsrail (6,27%), Almaniya (4,25%), Hindistan (4,69%), Tayvan (4,47%), Çexiya (4,5%), İndoneziya (3,49%%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,02%), Türkiyə (14,15%), Çin (10,25%), Almaniya (5,74%), ABŞ (4,85%), İsveçrə (4,39%), Ukrayna (3,88%) və Yaponiya (3,67%) ilə həyata keçirib.**
N.Abbasova