Bakıda Ukrayna Ticarət Evi 2018-ci ilin sonunadək fəaliyyətə başlaya bilər. Bunu Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko deyib.
«Biz artıq Azərbaycanın hökumət orqanları tərəfindən qeydiyyata alnmış Ukrayna Ticarət Evinin açılması üçün hazırlıq işlərini demək olar ki, başa çatdırmışıq», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
«Biz Ticarət Evinin ilin sonunadək açılacağını gözləyirik», - deyə səfir əlavə edib.
Diplomatın sözlərinə görə, hazırda Ukrayna Prezident Administrasiyası Ticarət Evinin açılışında iştirak edəcək yüksək səviyyəli nümayəndə heyəti ilə bağlı məsələni nəzərdən keçirir.
«Ukrayna və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək bu vacib institutun açılışına kimin və nə zaman gələcəyi barədə qərarı gözləyirik», - deyə A.Mişenko qeyd edib.
Xatırladaq ki, bu ilin yayında Kiyevdə Azərbaycan Ticarət Evi açılıb. Mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.*
F.İsazadə