Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridi Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib.
"Azərbaycanın gənclər və idman naziri çox yaxşı bilir ki, idmanın yüksək səviyyədə inkişafını təmin etmək üçün dürüst milli antidopinq agentliyinin fəaliyyətinə ehtiyac var. Və son illərdə Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılıb", - deyə o, bu gün Bakıda agentliyin Təsisçilər Şurasının iclasının yekunları üzrə keçirilən brifinqdə vurğulayıb.
K.Ridinin sözlərinə görə, Azərbaycanda "təmiz idman"ın təmin edilməsi ilə bağlı ciddi addımlar atılır.
"Bəli, həqiqətən çox böyük inkişaf müşahidə olunur. Ciddi addımlar atılıb və bu istiqamətdə irəliləmək lazımdır", - deyə WADA-nın prezidenti qeyd edib.
O deyib ki, antidopinq siyasətinin daim dəyişməsi şəraitində WADA-nın standartlarına dəqiqliklə əməl etmək lazımdır. "Antidopinq dünyası daim dəyişir. Biz istifadəsi qadağan edilmiş preparatların siyahılarına hər il dəyişikliklər edirik", - deyə K.Ridi vurğulayıb.
Onun sözlərinə görə, polşalı həmkarlar Azərbaycan Antidopinq Agentliyinin formalaşmasında böyük köməklik göstəriblər.*
R.Babayev