Azərbaycanda peyk təsvirləri üzrə ölkədaxili emal və xidmət mərkəzlərinin yaradılması planlaşdırılır.
Belə mərkəzlərin yaradılması “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqraümı”nda nəzərdə tutulub. Dövlət Proqramı prezident İlham Əliyev tərəfindən noyabrın 15-də təsdiq edilib.
Dövlət Proqramında peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə daha çox iqtisadi dəyər əldə edilməsinə və yeni, faydalı xidmətlərin meydana çıxmasına şərait yaradılması, onların ixrac potensialının gücləndirilməsi; ölkədə rəqəmsal coğrafi məlumatların operativ əldə olunması məqsədilə qurumlararası koordinasiya mexanizminin yaradılması nəzərdə tutulur.
Dövlət Proqramının məqsədi peyk müşahidəsi xidmətlərindən müxtəlif sahələrdə istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsidir. Bu məqsədə nail olmaq üçün “Azersky” və digər yüksək ayırdetməli məsafədən Yerin müşahidəsi peyklərinin resurslarından optimal istifadə edilməsi, peyk təsvirlərinin emalı və satışı sahəsində ixrac potensialının genişləndirilməsi, peyk təsvirlərindən istifadə etməklə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verilməsi nəzərdə tutulur.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.*
Ə.Məmmədov