İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası noyabr ayının 23-də Moskvada keçiriləcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə məlumatlı mənbə deyib.
"Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkindir. Komissiyanın 17-ci iclasının noyabr ayının 23-də Moskvada keçirilməsi nəzərdə tutulub", - deyə iclasın keçirilməsinə hazırlığın gedişi ilə tanış olan mənbə bildirib.
İclasda aqrar sənaye kompleksi, yanacaq-energetika kompleksi, sənaye, rabitə və informasiya texnologiyaları, eləcə də humanitar əlaqələr sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
Komissiyanın sonuncu iclası 2016-cı ilin dekabr ayında Bakıda keçirilib.
2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 141 mln. 283,27 min təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur. Keçən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.*
B.Rüstəmbəyov