Yaxın zamanlarda Azərbaycanın qərbində və cənubunda sərhəd nəzarət-buraxılış məntəqələrində Dövlət Miqrasiya Xidmətinin (DMX) şöbələri açılacaq. Bu barədə DMX-nin rəisi Vüsal Hüseynov məlumat verib.
«Respublika ərazisində fəaliyyət göstərən hava limanlarında DMX-nin şöbələri fəaliyyət göstərir. 10 gün bundan əvvəl Samur sərhəd nəzarət-buraxılış məntəqəsində də belə şöbə açılıb», - deyə o, bu gün Caspian European Club-un təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə bildirib.
Xidmət rəisinin sözlərinə görə, quru sərhəddə DMX-nin analoji şöbələri qərb və cənub istiqamətlərində də açılacaq. «Yaxın gələcəkdə daha çox Qırmızı Körpü kimi tanınan Şıxlı nəzarət-buraxılış məntəqəsində, Gürcüstanla sərhəddə, eləcə də İranla sərhəddə - Astarada da Dövlət Miqrasiya Xidmətinin şöbələri açılacaq.
O əlavə edib ki, bu, vətəndaşların sərhəddən tez və maneəsiz keçməsini təmin etməyə xidmət edir.
«Bu şöbələrdə göstərilən xidmətlərin sayı artırılacaq. Hazırda onların sayı 4-ə bərabərdir, gələcəkdə isə əcnəbilər yaşama icazəsi, müvəqqəti qeydiyyat və digər məsələlərlə bağlı sözügedən şöbələrə müraciət edə biləcəklər», - deyə V.Hüseynov qeyd edib.*
R.Babayev