Azərbaycan Ordusu komanda-qərargah hərb oyunlarında qarşıya qoyulmuş məqsədlərə nail olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov deyib.
“Hərb oyunlarında qoşunların qarşılıqlı fəaliyyətinin təşkilində qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub, tapşırıqların yerinə yetirilməsində şəxsi heyət yüksək bilik, vərdiş, bacarıq və peşəkarlıq nümayiş etdirib”, - deyə o, komanda-qərargah hərb oyunlarının yekunlarına dair müşavirədə bildirib.
Baş Qərargah rəisinin sözlərinə görə, müxtəlif qoşun əməliyyatlarında qərargahların, idarəetmə məntəqələrinin qarşılıqlı fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi uğurla yerinə yetirilib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən general-polkovnik N.Sadıkov qeyd edib ki, komanda-qərargah hərb oyunlarında əsas diqqət ən yeni, o cümlədən kosmik texnologiyaların istifadəsinə yönəldilib və ilk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub.*
F.İsazadə