“Archi Glass” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti statusu verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parkın operatoru olan “SKSP” MMC-dən məlumat verilib.
«2018-ci il oktyabr ayının 5-də «Archi Glass» MMC-yə SKSP-nin rezidenti statusu verilib. Şirkət park ərazisində şüşə və keramika məmulatlarının istehsalı zavodunu inşa edəcək», - deyə məlumatda bildirilir.
Zavodda illik 240 min kvadratmetr şüşə və 50 min ədəd keramika məmulatının istehsalı planlaşdırılır.
Zavodda İtaliya, Türkiyə və Çin istehsalı olan avadanlıqlar quraşdırılacaq. Müəssisənin sahəsi 4.4 ha təşkil edəcək», - deyə məlumatda qeyd olunur.
Beləliklə, SKSP-nin rezidentlərinin sayı 18-ə çatıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.*
B.Rüstəmbəyov