Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko noyabr ayının 19-da iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə edəcəklər. Danışıqlar prezident İ.Əliyevin Minskə rəsmi səfəri çərçivəsində baş tutacaq.
"Dövlət başçıları Belarus və Azərbaycan arasında münasibətlərin vəziyyətini və perspektiv inkişaf istiqamətlərini ətraflı müzakirə edəcək, aktual beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Danışıqlarda əsas diqqət ticarət-iqtisadi və investisiya əməkdaşlığına, birgə layihələrin həyata keçirilməsinə ayırılacaq", - deyə Belarus prezidentinin mətbuat xidmətindən bildirilib.
Prezidentlər, həmçinin nəqliyyat-logistika, səhiyyə, təhsil, informasiya-kommunikasiya texnologiyaları, idman, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirəcəklər.
"Rəsmi danışıqlar “təkbətək” formatda və nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə aparılacaq. Danışıqların yekunları üzrə bir sıra sənədlərin imzalanması gözlənilir", - deyə məlumatda qeyd edilir.*
F.İsazadə