Berndə “Qarabağ” adlı Azərbaycan məktəbi açılıb. Bunu Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Xanım İbrahimova deyib.
«İsveçrədə 1000 nəfərə yaxın azərbaycanlı yaşayır. Bu yaxınlarda Berndə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin ilk toplantısı keçirilib. Toplantıda İsveçrədə yaşayan soydaşlarımızın daha sıx birləşməsi və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb», - deyə o, İsveçrənin rusdilli swissinfo.ch nəşrinə müsahibəsində bildirib.
Səfir hesab edir ki, diasporla əlaqələrin möhkəmləndirilməsi və xaricdə yaşayan həmvətənlərimizlə etibarlı körpülərin yaradılmasının vacib istiqamətlərindən biri xaricdə Azərbaycan dili məktəblərinin açılmasıdır. «Buna görə Berndə “Qarabağ” adlı Azərbaycan məktəbinin açılması son zamanlarda əlamətdar hadisələrdən biri olub. Bu məktəb Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin səfirliyimiz tərəfindən həyata keçirilən birgə layihəsidir», - deyə X.İbrahimova qeyd edib.
O vurğulayıb ki, prezident İlham Əliyevin siyasi kursu diaspor hərəkatını daha da möhkəmləndirib, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi sahəsində irəliləyişlər var. «Bəzi ölkələrin təcrübəsinin öyrənilməsi göstərdi ki, diasporla möhkəm əlaqələr qurmuş ölkələr beynəlxalq arenada daha sarsılmaz mövqelərə malikdir. Ölkəmiz də məhz bu məqsədə doğru irəliləyir», - deyə səfir vurğulayıb.*
A.Əzizov