2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 32 mln. 248,2 min ton neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-oktyabr aylarında 32 mln. 248,2 min ton (artım 0% - İF) neft, o cümlədən 32 mln. 205,5 min ton (artım 0,1%) əmtəəlik neft hasil edilib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə Azərbaycanda 24 mlrd. 971,9 mln. kubmetr qaz hasil olunub (2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 5,6%). Bununla belə, hesabat dövründə əmtəəlik qazın hasilat həcmi 15 mlrd. 587,9 mln. kubmetr (artım 3,5%) təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ilin yekunları üzrə neft hasilatını 37 mln. 848,1 min ton, qaz hasilatını 30 mlrd. 205 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə respublikada 38 mln. 756 min ton neft, 28 mlrd. 362,6 mln. kubmetr qaz hasil olunub.*
A.Əzizov