2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 min 558,8 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin oktyabr ayında 202,1 kq qızıl hasil edilib.
Hasil edilən qızıl emala göndərilib.
2017-ci ildə Azərbaycanda 6 min 390,8 kq qızıl hasil edilib.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
Bundan başqa, “AzerGold” QSC tərəfindən “Çovdar” yatağından qızıl hasilatı həyata keçirilir. Yatağın sənaye ehtiyatları 44,61 ton həcmində qiymətləndirilir.*
A.Əzizov