Prezident İlham Əliyev Türkmənistana rəsmi səfər edəcək. Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
"Bu gün Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur, bunun üçün əlverişli imkanlar və perspektivlər var", - deyə Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Nazirlər Kabinetinin növbəti iclasında bildirib.
O vurğulayıb ki, Bakı və Aşqabadı mehriban dostluq əlaqələri birləşdirir ki, bu da iki qardaş xalq arasında əsrlər boyu yaranmış tarixi-mədəni birliklə şərtlənib.
Q.Berdiməhəmmədovun sözlərinə görə, hər iki dövlət qlobal gündəliyə daxil olan aktual məsələlərlə bağlı baxışların və yanaşmaların yaxınlığını nümayiş etdirir.
«İclasda dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana qarşıdakı rəsmi səfərinə hazırlıqla bağlı xarici işlər naziri Rəşid Meredovun hesabatını dinləyib", - deyə məlumatda bildirilir.
Q.Berdiməhəmmədov XİN başçısına səfərin yüksək səviyyədə təşkilini təmin etməyi tapşırıb, Türkmənistan və Azərbaycan arasında məhsuldar münasibətlərin gələcəkdə möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcək danışıqların əhəmiyyətini vurğulayıb.
«Danışıqların yekunları üzrə prioritet istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı böyük sənədlər paketinin imzalanması planlaşdırılır», - deyə məlumatda qeyd olunur.
Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ilin iyun ayında qurulub.
İ.Əliyevin Aşqabada qarşıdakı səfərinin tarixi hələ ki, açıqlanmır.*
R.Babayev