Dövlət Gömrük Komitəsi (DGK) ölkənin gömrük məntəqələrində növbə sistemi tətbiq etməyi planlaşdırır. Bu barədə bu gün jurnalistlərə DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.
"Son zamanlar gömrük məntəqələrində yenidən sıxlıq problemi yaranır. Buna görə yaxın vaxtlarda biz növbə sistemi tətbiq etməyi planlaşdırırıq. Artıq sistemin təqdimatı keçirilib və tezliklə işə salınacaq", - deyə o, bu gün jurnalistlərin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük məntəqəsinin işi ilə tanışlığı zamanı bildirib.
A.Abasov qeyd edib ki, sistem vətəndaşlara gömrük məntəqələrində sıxlıqla bağlı vəziyyəti qabaqcadan öyrənməyə imkan verəcək. "Sistemdə qeydiyyatdan keçən vətəndaşlar sərhədi keçməzdən əvvəl buraxılış məntəqəsində vəziyyətlə tanış ola biləcəklər. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək. Bununla da vətəndaşlar sərhədi keçmək üçün optimal vaxtı seçə biləcəklər", - deyə rəis müavini vurğulayıb.
Onun sözlərinə görə, DGK, həmçinin xüsusi bukletlər hazırlayıb. Bu bukletlərdə ölkəyə idxalına icazə verilən mallar barədə məlumatlar öz əksini tapıb.*
Ə.Məmmədov