Dövlət Gömrük Komitəsi (DGK) dekabr ayının 1-dək gömrük məntəqələri əməkdaşlarının attestasiyasını başa çatdırmağı planlaşdırır. Bu barədə bu gün jurnalistlərə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov məlumat verib.
Onun sözlərinə görə, attestasiya gömrük məntəqələri əməkdaşlarının nəqliyyat vasitəsinin yoxlanılması üzrə bütün prosesi bilməsi məqsədilə onların peşə bilik və bacarıqlarının artırılmasına yönəlib.
"Biz “bir əməkdaş – bir nəqliyyat vasitəsi” təşəbbüsü ilə çıxış etmişik. Əvvəllər hər bir nəqliyyat vasitəsi bir neçə əməkdaş tərəfindən yoxlanılırdı ki, bu da sərhəddən keçmə vaxtını uzadırdı. Bu təşəbbüs hər bir əməkdaşın bir nəqliyyat vasitəsinin yoxlanılmsı prosesini müstəqil şəkildə həyata keçirməsinə imkan verəcək. Nəticədə yoxlamaya sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq", - deyə o, jurnalistlərin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun fəaliyyəti ilə tanışlığı zamanı bildirib.*
Ə.Məmmədov