Azərbaycanın regionlarındakı idman kompleksləri fərdi sahibkarlara icarəyə verilə bilər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə parlamentdəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
"Deputatlar qeyd ediblər ki, dövlət belə obyektlərin tikintisinə böyük məbləğdə pul xərcləyir, daha sonra onların saxlanılmasına dövlət büdcəsinin vəsaitləri sərf olunur. Bu obyektləri özəl sektorun istifadəsinə vermək daha məntiqli olacaq", - deyə o qeyd edib.
Mənbənin sözlərinə görə, bu addım eyni zamanda bir neçə məqsədə çatmağa imkan verəcək.
"Nəticədə dövlət büdcəsinin xərcləri azalacaq, eləcə də büdcəyə daxilolmaların həcmi artacaq. Bundan başqa, yeni iş yerləri açılacaq, obyektlər isə boş qalmayacaq. Əlbəttə, icarə müqaviləsi bağlayarkən kompleksdən məqsədli təyinatı üzrə istifadə edilməli olmasını qeyd etmək vacib olacaq", - deyə mənbə vurğulayıb.*
R.Babayev