Prezident İlham Əliyev nəqliyyat sahəsini Belarusla əməkdaşlığın əsas istiqamətlərindən biri adlandırıb. Bu barədə BELTA agentliyi məlumat verib.
Azərbaycanın dövlət başçısının sözlərinə görə, ölkələr arasında əməkdaşlığın bütün istiqamətləri yaxşı nəticələr göstərir, iki liderin hər görüşü isə münasibətlərin inkişafına təkan verir və konkret layihələrin reallaşdırılmasına doğru aparır.
"Düşünürəm ki, gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsində əməkdaşlıqla bağlı olacaq. Siz Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə bağlı bütün işləri yekunlaşdırıb. İndi biz artıq əhəmiyyətli həcmdə yük nəql etmə gücünə malik nəqliyyat infrastrukturumuzun gələcəkdə modernləşdirilməsi məsələsi ilə məşğuluq", - deyə İ.Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə danışıqlar zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır.
Prezidentin fikrincə, bu iki marşrut üzrə səylərin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq və on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələr arasında yük axınını əhəmiyyətli dərəcədə artıracaq.
"Sənaye kooperasiyası sahəsində son dərəcə müsbət nəticələr var. Amma biz əməkdaşlığı davam etdirmək niyyətindəyik, çünki hələ daha çox işlər görmək olar", - deyə İ.Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, əsas olan budur ki, Belarus-Azərbaycan münasibətlərinin əsasında yüksək səviyyəli qarşılıqlı dəstək, hörmət və etimad dayanır.*
Ə.Məmmədov