Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə tutduğu mövqeyə Belarusa təşəkkür edib. Bu barədə BELTA agentliyi məlumat verir.
"Mən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu mövqeyə görə öz adımdan və Azərbaycan xalqı adından Belarusa təşəkkür etmək istəyirəm", - deyə İ.Əliyev Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunları üzrə jurnalistlərə bildirib.
Agentlik qeyd edir ki, Azərbaycan və Belarus prezidentlərinin mövqeyi danışıqların sonunda imzalanmış birgə bəyanatda əks olunub.
Sənəddə deyilir ki, "tərəflər ATƏT çərçivəsində davam edən və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərə, eləcə də Minsk qrupunun fəaliyyətinə istinad edərək bu istiqamətdə gələcək addımların aktivləşdirilməsinin zəruriliyini vurğulayırlar".
Birgə bəyanatda İ.Əliyev və A.Lukaşenko münaqişənin dövlətlərin suveren bərabərliyi, sərhədlərin sarsılmazlığı, ərazi bütövlüyü prinsipləri və beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.*
F.İsazadə