Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
“Bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub”, - deyə məlumatda bildirilir.
“İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur”, - deyə məlumatda bildirilir.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
“Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb. Bir yaralı isə hərbi hospitala yerləşdirilib”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, 6 təcili yardım briqadası hadisə yerindədir.
“Binanın uçması nəticəsində 1994-cü il təvəllüdlü Cuma Cumazadə ölüb. Orxan Məmmədli isə dağıntılar altından çıxarılıb”, - deyə FHN-in məlumatında qeyd olunur.
Dağıntılar altında qalma ehtimalı olan insanların xilas edilməsi istiqamətində işlərin sürətləndirilməsi məqsədilə FHN-in xilasediciləri və xüsusi kinoloji qrup vertolyotla Bakıdan Gəncəyə gətirilib.*
R.Babayev