Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Gəncə şəhərində partlayışın baş verdiyi 4 mərtəbəli yaşayış binasının ərazisinə baş çəkib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə xəbər verib.
Qeyd edək ki, binanın bir hissəsinin uçması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
“Bu şəxslər hərbçidirlər. Partlayışın baş verdiyi bina hərbi şəhərciyin yaxınlığında yerləşir. Fövqəladə hallar naziri hadisə yerinə gəlib», - deyə mənbə bildirib.
Onun sözlərinə görə, dağıntılar altında qalan insanların dəqiq sayı məlum deyil. Rəqəm 2-4 nəfər arasında dəyişir.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub. 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
“Hadisə nəticəsində 1994-cü il təvəllüdlüCuma Cumazadə həlak olub, Orxan Məmmədli isə xəstəxanaya yerləşdirilib.
Dağıntılar altında qalma ehtimalı olan insanların xilas edilməsi istiqamətində işlərin sürətləndirilməsi məqsədilə FHN-in xilasediciləri və xüsusi kinoloji qrup vertolyotla Bakıdan Gəncəyə gətirilib.*
R.Babayev