Azərbaycan hökuməti orta sinif fermerlərin inkişafına diqqət ayırmalıdır. Dünya Bankının (DB) eksperti Sandra Broka belə hesab edir.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sektorunun əsas problemi bundan ibarətdir ki, fermer təsərrüfatlarının ərazisi orta hesabla 5 hektardan çox deyil.
"Bu o deməkdir ki, fermer bazara çox az həcmdə məhsul çıxara bilər. Həmçinin bəzən keyfiyyət də aşağı səviyyədə olur. Kiçik fermerlər maliyyə və qabaqcıl texnologiyalara çıxışla da bağlı problemlərlə üzləşirlər", - deyə S.Broka bu gün Bakıda jurnalistlərə bildirib.
Ekspert hesab edir ki, ölkədə ailə kommersiya fermer təsərrüfatları yaratmaqla problemi həll etmək mümkün ola bilər. "Onlar məhsulun istehsal həcminin artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün bir-biri ilə birləşə bilərlər. Bu addım, həm də fermerlərin maliyyə və ən yeni texnologiyalara çıxışını asanlaşdıracaq", - deyə o vurğulayıb.*
Ə.Məmmədov