Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Gəncədə yaşayış binasının uçması nəticəsində 3 nəfər həlak olub, 1 nəfər xəstəxanadadır, onun vəziyyəti ağırdır.
«Hadisə barədə məlumat FHN-ə səhər saat 5.45-də daxil olub. Partlayış nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb. Hərbçi olan yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır», - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
«Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa, təmizləmə işlərinə başlanılacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək", - deyə K.Heydərov qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub. 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
“Hadisə nəticəsində 1994-cü il təvəllüdlüCuma Cumazadə həlak olub, Orxan Məmmədli isə xəstəxanaya yerləşdirilib.
Dağıntılar altında qalma ehtimalı olan insanların xilas edilməsi istiqamətində işlərin sürətləndirilməsi məqsədilə FHN-in xilasediciləri və xüsusi kinoloji qrup vertolyotla Bakıdan Gəncəyə gətirilib.*
R.Babayev