Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün «E-sosial» portalının təqdimatını keçirib.
«Bu sosial reyestrdə 4 mln. vətəndaş haqqında məlumatlar toplanıb», - deyə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan əhalisi “bir pəncərə” sistemindən istifadə etməklə onları maraqlandıran məlumatlara birbaşa çıxış əldə edə bilər.
Nazir vurğulayıb ki, sosial reyestrin yaradılması Azərbaycanda sosial sahədə həyata keçirilən islahatların istiqamətlərindəın biridir.
«Həmçinin elektron məşğulluq sisteminin yaradılması ilə bağlı işlər başa çatmaq üzrədir və dekabrın 15-dən etibarən test rejimində işləyəcək. Sistem rəsmi qaydada 2019-cu il yanvar ayının 1-dən fəaliyyətə başlayacaq”, - deyə S.Babayev qeyd edib.
O deyib ki, hər iki sistem Azərbaycan prezidentinin 5 sentyabr 2018-ci il tarixli fərmanı ilə yaradılıb.
«Hər ay Azərbaycanda 2,8 mln. vətəndaşa sosial ödənişlər həyata keçirilir. 2 mln. nəfərdən çox şəxs isə digər ödənişlərlə əhatə olunub», - deyə nazir bildirib.
O əlavə edib ki, sosial sahədə həyata keçirilən islahatların daha bir istiqaməti pensiya ödənişlərinin avtomatlaşdırılması ilə bağlıdır.
«Azərbaycanda hər pensiya yaşına çatmış vətəndaş SMS vasitəsi ilə öz ad günündə pensiyaya çıxması barədə bildiriş alacaq. Bu zaman pensiyanın məbləği və pensiya kartının əldə ediləcəyi yer barədə məlumat da veriləcək. Pensiya ödənişlərinin avtomatlaşdırılması ilə bağlı qanunvericilik aktları Milli Məclisə təqdim olunub və birinci oxunuşda müzakirə üçün tövsiyə edilib», - deyə S.Babayev vurğulayıb.*
R.Babayev