Moskvada MDB-nin üzvü olan ölkələrin Təhlükəsizlik şuraları katiblərinin illik görüşü keçirilir. Bu barədə bu gün “İnterfaks”a Rusiya Federasiyası Təhlükəsizlik Şurası Aparatının mətbuat xidmətindən məlumat verilib.
"Təhlükəsizlik şuralarının katibləri terror fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınması, eləcə də cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə birgə fəaliyyətin istiqamətlərini müzakirə edirlər", - deyə məlumatda bildirilir.
Görüşün gündəliyinə, həmçinin MDB məkanında regional təhlükəsizliyin təmin edilməsi ilə bağlı digər aktual məsələlər, Təhlükəsizlik şuralarının xətti ilə beynəlxalq əməkdaşlıq mövzuları da daxildir.
Görüşdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Qazaxıstan Təhlükəsizlik Şurasının katibi - prezidentin köməkçisi Qabit Bayjanov və başqaları iştirak edirlər.*