“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AzSığorta” şirkətinin maliyyə dayanıqlılığı reytinqini “B” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrə proqnoz “Mənfi”dir.
“Reytinq “Azsığorta”nın nisbətən yüksək kapitallaşmasını, zəif biznes portfelini və getdikcə yaxşılaşan yüksək riskli investisiya portfelini, “Mənfi” proqnoz isə şirkətin 2017-ci ildə anderraytinq fəaliyyətinin pisləşməsini, eləcə də şirkətin ehtiyatları ilə bağlı qeyri-müəyyənliyi əks etdirir”, – deyə məlumatda bildirilir.
Agentlik qeyd edir ki, 2017-ci ildə “AzSığorta”ın sığorta haqları 2016-cı ildəki 31%-lik azalmadan sonra 12% artıb. 2018-ci ilin 9 ayı ərzində şirkətin sığorta haqları 27%, o cümlədən ANVSMMİS üzrə 40% azalıb.
Sığorta haqlarının həcminin azalmasına baxmayaraq “AzSığorta” 2018-ci ilin 3 rübünün yekunları üzrə xalis mənfəətinin 4,3 mln. manat məbləğində olduğunu bildirib.
“Fitch” hesab edir ki, şirkətin investisya portfelinin keyfiyyəti yaxşılaşsa da, nisbətən aşağı olaraq qalır. Agentlik “Azsığorta”nın normal likvidliyə malik olduğunu qeyd edir.
““Fitch” tərəfindəntəsdiq olunmuş “B” dayanıqlılıq reytinqi şirkətimizin sabitliyinin sübutudur. Biz əldə etdiyimiz təcrübə və gələcək üçün nəzərdə tutulmuş planları rəhbər tutaraq uzunmüddətli inkişaf strategiyamızın uğurla həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq", - deyə "AzSığorta" şirkətinin Direktorlar Şurasının rəhbəri Viladi Maniyevbildirib.
Şirkət qeyd edir ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində inzibati xərclərin əhəmiyyətli dərəcədə azaldılması və portfelin keyfiyyətinin yüksəldilməsi sayəsində "AzSığorta" birləşdirilmiş zərərlik əmsalını 84%-dək azaldıb, 4,3 mln. manat məbləğində xalis mənfəət əldə edib.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımına görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində şirkətin sığorta haqları 13,81 mln. manat, ödənişləri 6,71 mln. manat təşkil edib.*
Ə.Məmmədov