2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 22 mln. ton (161 mln. barel) neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-dən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan 22 mln. ton neft hasil olunub. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı ötən ilin müvafiq dövründəki səviyyədə qalıb.
2018-ci ilin yanvar-sentyabr aylarında şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% - $1 mlrd. 192 mln.-dək azaldıb. «Hesabat dövründə bu məbləğdən $367 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $825 mln.-u əsaslı xərclərin payına düşüb», - məlumatda qeyd olunur.
Bu dövrdə orta sutkalıq neft hasilatı 588 min barel olub (2017-ci ilin yanvar-sentyabr aylarında 585 min barel - İF-Az).
2018-ci ilin 9 ayı ərzində “Çıraq” platformasından sutkada 47 min barel (2017-ci ilin yanvar-sentyabr aylarında sutkada 52 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 156 min barel (sutkada 133 min barel), ”Qərbi Azəri” platformasından 126 min barel (sutkada 120 min barel), “Şərqi Azəri” platformasından 97 min barel (sutkada 80 min barel), “Dərinsulu Günəşli” platformasından 105 min barel (sutkada 119 min barel), “Qərbi Çıraq” platformasından 57 min barel (sutkada 81 min barel) neft hasil olunub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.*
B.Rüstəmbəyov