Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri bu gün Bakıda keçirilən görüşdə sərhədlərin toxunulmazlığını və ölkələrin suverenliyini təsdiq ediblər.
"Üçtərəfli görüşün gedişatında biz regionda ictimai-siyasi vəziyyəti, strateji layihələrin təhlükəsizliyinin təmin olunması, regionda sülh və sabitliyin dəstəklənməsi məsələlərini müzakirə etdik. Bundan başqa, hərbi əməkdaşlıq, hərbi təhsil və hərbi tibblə bağlı məsələlər də müzakirə edilib", - deyə Azərbaycanın müdafiə naziri Zakir Həsənov jurnalistlərə görüşün yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, tərəflər 2019-cu il üçün Fəaliyyət Planını təsdiq ediblər.
"Görüşdə sərhədlərin toxunulmazlığı və ölkələrin suverenliyi bir daha təsdiq edilib", - deyə nazir qeyd edib.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Çaçibaia, öz növbəsində, vurğulayıb ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyi təcəssüm etdirir. "Biz hərbi təlimlərdə fəal iştirak edəcəyik, bu təlimlər təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Regionda təhdidlər artır, səylərimizi birləşdirməklə onların qarşısını ala bilərik", - deyə o vurğulayıb.
V.Çaçibaia Gürcüstanın ərazi bütövlüyünü dəstəklədikləri üçün Azərbaycan və Türkiyəyə minnətdarlığını bildirib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler isə deyib ki, Ankara ərazi bütövlüyü məsələlərində Gürcüstanı və Azərbaycanı dəstəkləyir.
Tərəflər görüşün sonunda müvafiq protokol imzalayıblar.
Z.Həsənov əlavə edib ki, növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək.*
F.İsazadə