“BP-Azerbaijan” şirkəti 2018-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 8,1% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
9 ay ərzində “Şahdəniz” yatağından 1,8 mln. ton kondensat (2017-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 5,9% çoxdur) hasil edilib.
“Hazırda yataqda mövcud hasilat sisteminin maksimal gücü sutkada 43 mln. kubmetr qaz (ildə təxminən 16 mlrd. kubmetr) təşkil edir”, - deyə məlumatda bildirilir.
Yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1 mlrd. 558 mln. (azalma 41,2%) təşkil edib, bunun $418 mln.-u istismar xərclərinin, $1 mlrd. 140 mln.-u əsaslı xərclərin payına düşüb. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində işlərə yönəldilib.
2018-ci ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 22 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $308 mln., istismar xərcləri $27 mln. təşkil edib.
2017-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz və 2,4 mln. ton kondensat hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
B.Rüstəmbəyov