2018-ci ilin yanvar-sentyabr aylarında “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə əsaslı xərcləri $108 mln. təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“2018-ci ilin 9 ayı ərzində boru kəmərinin fəaliyyəti üçün əməliyyat xərcləri $87 mln. (azalma 13,9%), əsaslı xərclər $21 mln. (artım 10,5%) təşkil edib”, - deyə şirkətin nümayəndəsi qeyd edib.
Şirkətin məlumatına görə, ümumilikdə BTC neft kəmərinin istismara verildiyi 2006-cı il iyunun 4-dən 2018-ci ilin sentyabr ayının sonunadək Ceyhan terminalından 4,001 min tanker yüklənib və BTC kəməri ilə dünya bazarına 408 mln. tondan çox neft göndərilib.
Yanvar-sentyabr aylarında BTC neft kəməri vasitəsilə 25 mln. tondan çox neft nəql edilib, Ceyhan limanından 243 tanker yola salınıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə “BTC Co” şirkətinin BTC layihəsi üzrə xərcləri $162 mln., o cümlədən əsaslı xərcləri $29 mln., əməliyyat xərcləri $133 mln. təşkil edib.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.*
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin 2010-cu ilin iyun ayından etibarən boru kəməri ilə Türkmənistan neftinin nəqlinə başlanılıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 mln. bareldən çoxdur.*
B.Rüstəmbəyov