Prezident İlham Əliyev noyabrın 21-də “Uşaqların zərərli informasiyadan qorunması haqqında”Qanunu təsdiq edib.
Sənəd dövlət başçısının saytında dərc edilib.
Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri bunlardır: uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması.
Qanun zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğini qadağan edir və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.
Uşaqlar üçün zərərli informasiyanın növlərinə ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, qorxu məzmunlu informasiya, erotik məzmunlu informasiya və s. daxildir.
İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir: “6 yaşadək” - “6-” işarəsi çevrədə; “6 yaşdan” - “6+” işarəsi çevrədə; “12 yaşdan” - “12+” işarəsi çevrədə; “16 yaşdan” - “16+” işarəsi çevrədə; “18 yaşdan” - “18+” işarəsi rombda.
Qanunla “16+” yaş kateqoriyasına aid informasiya məhsullarının yerli vaxtla saat 7-dən saat 21-dək; “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsullarının isə saat 6-dan saat 23-dək teleradio vasitəsilə yayımlanması qadağandır.*
R.Babayev