Son 1 il ərzində Azərbaycanda 1,7 minədək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, 5,7 minə yaxın məhkumun cəzası yüngülləşdirilib. Bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.
"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamına uyğun olaraq bu sahədə tədbirlər görülür. Bununla əlaqədar 5,7 minə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1,7 minədək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub", - deyə F.Məmmədov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O vurğulayıb ki, sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25% azalıb, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enib. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22%, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37% azalıb.
Nazir məqaləsində Ədliyyə Nazirliyinin nəzdində yaradılmış Probasiya xidmətinin fəaliyyətinə də toxunub. “Bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir”, - deyə F.Məmmədov qeyd edib.
O vurğulayıb ki, son 15 ildə Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40%, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb. Bu, saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində mümkün olub.*
R.Babayev