Azərbaycanda vergi qanunvericiliyinin pozulmasına görə maliyyə institutlarına tətbiq olunan maliyyə sanksiyalarının məbləğinin artırılması təklif edilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Parlamentə təqdim edilmiş Vergi Məcəlləsinə dəyişikliklərdə maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə sanksiyasının 5 dəfə - hər belə hesab və ya əməliyyat üçün 500 manatadək artırılması təklif olunur”, - deyə nazirlikdən bildiriblər.
Bundan başqa, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların vaxtında və ya lazımi qaydada təqdim edilməməsinə görə sanksiyanın 10 dəfə - 10 min manatadək artırılması planlaşdırılır.
Maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə sanksiyasının 10 dəfə - hər belə hesab üçün 1 min manatadək artırılması nəzərdə tutulur.*
Ə.Məmmədov