Vergilər Nazirliyi vergilərin bilərəkdən azaldılmasına görə maliyyə sanksiyalarını vahid şəklə salmağı təklif edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Bu təklif parlamentə təqdim edilmiş Vergi Məcəlləsinə dəyişikliklər paketində öz əksini tapıb.
Xüsusilə Vergilər Nazirliyi nağd pul hesablaşmaları (topdansatış ticarət halları istisna olmaqla) qaydalarının pozulmasına görə vahid dərəcənin tətbiq edilməsini təklif edir. Təqvim ilində birinci pozuntu faktı üzrə 1 min manat (hazırda 400 manat), təkrar pozuntu faktı üzrə 3 min manat (800 manat), təqvim ili ərzində üçüncü və növbəti pozuntu hallarında 6 min manat (1,2 min manat) məbləğində sanksiyanın tətbiq edilməsi təklif olunur.
Bundan başqa, nazirlik vergi məbləğinin azaldılmasına, eləcə də büdcəyə köçürülməli olan vergi məbləğini ödəməkdən yayınmaya görə yeni sanksiya dərəcəsi tətbiq etməyi təklif edir. Sanksiyanın məbləği azaldılmış və yayındırılmış vergi məbləğinin 25%-ni təşkil edəcək (kameral vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergi məbləği istisna olmaqla).
Vergilər Nazirliyi, həmçinin sosial sığorta ödənişlərinə dair hesabat təqdim etməyən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarında əmək qabiliyyətli ailə üzvlərinə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Təqvim ilində birinci pozuntu faktı üzrə minimum əmək haqqının 3%-i, təkrar və növbəti pozuntu faktları üzrə 6%-i məbləğində sanksiya təklif olunub.*
Ə.Məmmədov