“Cənub Qaz Dəhlizi” (CQD) layihəsi çərçivəsində xərclər $40 mlrd.-dan çox olmayacaq. Bunu BP-nin CQD üzrə vitse-prezidenti Cozef Mörfi deyib.
“Layihə qrafik üzrə irəliləyir. Adətən belə meqa layihələr qrafikdən geridə qalır. Ancaq layihə qrafik üzrə həyata keçirildiyi üçün əlavə xərclər və gözlənilməz hallar yaranmayıb. Müəyyənləşdirilmiş büdcə çərçivəsində BP-nin əməliyyat xərcləri 20% səviyyəsindədir”, - deyə o, “S&P Global” agentliyinə bildirib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin dəyəri $40 mlrd.-dan çoxdur. Layihə 2018-ci il may ayının 29-da işə salınıb.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.*
B.Rüstəmbəyov