Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin müddətinin daha 5 il - 2024-cü ilədək uzadılmasını təklif edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
«Vergi Məcəlləsinə dəyişikliklər layihəsi parlamentə təqdim edilib. Onun bəndlərindən biri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin müddətinin daha 5 il – 1 yanvar 2024-cü il tarixinədək uzadılması ilə bağlıdır», - deyə məlumatda bildirilir.
Bu güzəştlər çərçivəsində kənd təsərrüfatı müəssisələri torpaq vergisi istisna olmaqla bütün növ vergi ödənişindən azad ediləcək.
Mövcud qanunvericiliyə əsasən, bu güzəştlərin müddəti 31 dekabr 2018-ci il tarixində başa çatır.*
Ə.Məmmədov