“SOCAR Türkiyə” İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyasının açılması üzrə keçirilən tenderi qazanıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Məlumata görə, 9 stansiyanın 5-i perronda, 1-i karqo daşıma sahəsində, 2-si avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə Taksiçilər Kooperativinə xidmət edəcək.
2018-ci il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 280 kv.metrlik bir sahədə xidmət edəcək. SOCAR-ın yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10.000 avtomobilin istifadə etməsi planlaşdırılır.
“SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini söyləyib. “2008-ci ildə “Petkim”in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14.2 milyard dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP, Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil”, - deyə o qeyd edib.*
Ə.Məmmədov